DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
DAŞINMAZ ƏMLAK MƏSLƏHƏTXANASI
Menyu
AZ RU

Torpaq Məcəlləsi

Rəsmi Sənəd

ZƏRBAYCAN RESPUBLİKASININ TORPAQ MƏCƏLLƏSİ

 

(Bu Məcəllə Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir.)

 

I fəsil

 

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi

 

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir.

2. Yerin təkindən, su obyektlərindən, meşədən, bitki və heyvanlar aləmindən, mədəni və təbii landşaftlardan, atmosfer havasından istifadə və onların mühafizəsi üzrə münasibətlər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

3. Ələt azad iqtisadi zonasında torpaq münasibətləri “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[1]

 

Maddə 2. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin məqsədi

 

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir.

 

Maddə 3. Torpaq münasibətləri

 

1. Torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir.

2. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər.

4. Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir.

 

Maddə 4. Torpaq sahəsi

 

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir.

3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.[2]

5. Torpaq sahəsi bölünən və bölünməz ola bilər.

Bölünən o torpaq sahələri hesab edilir ki, öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı hissələrə bölünə bilər və bölgüdən sonra bu hissələrin hər biri müstəqil torpaq sahələrinə çevrilməklə dövlət qeydiyyatından keçirilə bilər.

Bölünməz o torpaq sahələri hesab edilir ki, onlar öz məqsədli və təsərrüfat təyinatına görə ayrı-ayrı müstəqil torpaq sahələrinə bölünə bilməzlər.

Torpaqların həddindən artıq bölünməsinin qarşısını almaq məqsədilə dövlət qeydiyyatına alına bilən torpaq sahəsinin minimum həddinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.[3]

 

Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

 

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

 

Maddə 6. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri

 

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardır:

Azərbaycan Respublikasının torpaq qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

torpaq qanunvericiliyinin icrasını təmin edən normativ-hüquqi aktların qəbulu və onlara dəyişikliklərin edilməsi;

dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılması qaydalarının müəyyən edilməsi;

bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi, onların dövlət ehtiyacları üçün alınması;[4]

təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması;[5]

xüsusi mülkiyyətdə olan torpaq sahələrinin bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsi;[6]

dövlət qeydiyyatına alına bilən torpaq sahələrinin minimum hədlərinin müəyyən edilməsi qaydalarının müəyyənləşdirilməsi;

torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi;

yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidlərinə istifadəyə verilməsi;

vergitutma məqsədilə kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti balların müəyyənləşdirilməsi;[7]

torpaqlardan səmərəli istifadəyə, torpaqların münbitliyinin artırılmasına, torpaq ehtiyatlarının qorunmasına dair və digər təbiəti mühafizə tədbirlərinin dövlət proqramlarının hazırlanması və yerinə yetirilməsi;

dövlət mülkiyyətində olan torpaqların istifadəsi ilə bağlı fəaliyyətin dövlət ekoloji ekspertizasının keçirilməsi və dövlət ekoloji ekspertizasının müsbət rəy vermədiyi obyektlərin tikintisinin və ya onların yenidən qurulmasının dayandırılması haqqında qərar qəbul edilməsi;

torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi;

dövlət torpaq kadastrının, torpaqların monitorinqinin və yerquruluşunun aparılmasının təşkil edilməsi;

bu Məcəllədə göstərilən və məhkəmədən kənar qaydada həll olunmalı torpaq mübahisələrinin həll edilməsi;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

 

Maddə 7. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində Naxçıvan Muxtar Respublikasının səlahiyyətləri

 

Torpaq münasibətlərinin tənzimlənməsində Naxçıvan Muxtar Respublikasının səlahiyyətlərinə muxtar respublikanın hüdudları daxilində bu Məcəllənin 6-cı maddəsinin 5-ci—16-cı abzaslarında göstərilənlər aiddir.

 

Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri

 

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır:

qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi;

qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi;

yaşayış məntəqələrinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanması və həyata keçirilməsinin təşkil edilməsi;

bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq sahələrinin icarəsinə görə haqq alınması;

ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması;[8]

öz səlahiyyəti daxilində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiə edilməsi;

bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramların hazırlanması və həyata keçirilməsi;

hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi;[9]

öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarından istifadə olunmasına və onların mühafizəsinə nəzarət edilməsi;

öz səlahiyyəti daxilində bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələrin həll edilməsi;

qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətlərin həyata keçirilməsi.

 

II fəsil

 

AZƏRBAYCAN RESPUBLİKASININ VAHİD TORPAQ FONDU

 

Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

 

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:

kənd təsərrüfatı təyinatlı torpaqlar;

yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;

sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;

xüsusi qorunan ərazilərin torpaqları;

meşə fondu torpaqları;

su fondu torpaqları;

ehtiyat fondu torpaqları.

3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarının istifadəsində olan torpaqların kateqoriyasının dəyişdirilməsi tələb olunmur.[10]

 

Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi

 

1. Torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.

2. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.

3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.

4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir.

4-1. Yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır.[11]

5. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur.[12]

 

Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi

 

1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.

2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.

3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.

4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.

 

III fəsil

 

KƏND TƏSƏRRÜFATI TƏYİNATLI TORPAQLAR

 

Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

 

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.[13]

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.[14]

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.[15]

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər.[16]

 

Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

 

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.[17]

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

 

Maddə 13-1. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər[18]

 

1. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.

2. İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı bu maddənin 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir.

3. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

4. Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilmir. Bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil edilir.

5. Tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən hədd müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq hesablanır.

6. Bu maddənin 4-cü hissəsində nəzərdə tutulmuş məhdudiyyət və 5-ci hissəsinə əsasən hesablanan tikintinin yol verilən hədləri yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə tətbiq olunur.

7. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün bu maddənin 1-ci hissəsində müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstərilir.

8. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürülür.

9. Bu maddənin 1-ci hissəsinə uyğun olaraq inşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilmir.

 

Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri

 

1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər:

Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi;

bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması;

dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.[19]

2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[20]

 

Maddə 15. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün torpaq sahələri

 

1. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə, idarələrinə və təşkilatlarına torpaq sahələri, bir qayda olaraq, kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarından istifadəyə verilir.

Bələdiyyə mülkiyyətində olan bu kimi müəssisələrə torpaq sahələri, bələdiyyələrin kənd təsərrüfatı təyinatlı torpaqlarından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəyə və icarəyə verilir. [21]

2. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin xüsusi mülkiyyətində olan kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan müəssisələr, idarələr və təşkilatlar kənd təsərrüfatı təyinatlı torpaq sahələrini bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada satınalma və icarə hüququ əsasında əldə edə bilərlər.

3. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin mülkiyyətində olan kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq fəaliyyəti ilə məşğul olan müəssisələrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri yalnız icarə hüququ əsasında verilə bilər.

 

Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

 

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.[22]

 

Maddə 17. Kənd təsərrüfatı ehtiyacları üçün torpaqların yararlılığının müəyyən edilməsi

 

Torpaqların kənd təsərrüfatı ehtiyacları üçün yararlı olub-olmadığı dövlət torpaq kadastrı məlumatlarına əsasən, dövlət yerquruluşu xidməti tərəfindən müəyyən edilir.

 

 

IV fəsil

 

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNİN TORPAQLARI

 

Maddə 18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

 

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir:

ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri;

ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;

sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri;

nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikililər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri;

təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri;[23]

yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları;

kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri;

hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri;

şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri.

3. Ərazi quruluşu və inzibati ərazi bölgüsü müvafiq qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilir.[24]

 

Maddə 19. Yaşayış məntəqələrinin hüdudları (sərhədi)

 

1. Yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.

2. Yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir.

Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir.

3. Torpaq sahəsinin şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin hüduduna daxil edilməsi torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsinə səbəb olmur.

 

Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından istifadə

 

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir.

3. Ərazinin yerquruluşu-təsərrüfat planları tikinti işləri aparılmalı olmayan və tikinti işləri müvəqqəti aparılmayan şəhər torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir.

4. Yaşayış məntəqələrinin ərazisindən torpaq sahələrinin yerquruluşu-təsərrüfat planları üzrə verilməsi və geri alınması qaydaları, habelə həmin sahələrdən istifadə edilməsi şərtləri bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilir.

 

Maddə 21. Şəhərətrafı zonaların torpaqları

 

1. Şəhər hüdudlarından kənarda yerləşən, şəhər ərazisinin genişləndirilməsi üçün ehtiyat sayılan, abadlaşdırma və şəhər təsərrüfatının normal işləməsi ilə əlaqədar zəruri qurğuların yerləşdirilməsi və tikilməsi üçün nəzərdə tutulan torpaqlar, habelə qoruyucu və sanitariya-gigiyena məqsədləri güdən və əhalinin istirahət yeri olan meşələrlə, meşə-parklarla və digər yaşıllıqlarla örtülü torpaqlar aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq bələdiyyələr tərəfindən şəhərin şəhərətrafı zonasına ayrılır.

2. Şəhərətrafı zonaların torpaqları bu zonaların təsdiq edilmiş planlaşdırma layihəsinə uyğun olaraq istifadə edilir. Bu torpaqlar xüsusi mühafizə edilir və orada sanitariya-gigiyena, sağlamlaşdırıcı funksiyalar və əhalinin istirahətinin təşkili məqsədləri ilə bir araya sığmayan tikili və qurğuların inşa edilməsi qadağandır.

3. Torpaq sahələri şəhərətrafı zonaların tərkibinə daxil edilərkən həmin sahələr üzərində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları saxlanılır.

4. Şəhərətrafı zonaların ayrılması, habelə bu zonalardakı torpaqlardan istifadə edilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən olunur.

 

V fəsil

 

SƏNAYE, NƏQLİYYAT, RABİTƏ, VƏ DİGƏR TƏYİNATL TORPAQLAR

 

Maddə 22. Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar

 

1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.

2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.[25]

3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir.

5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

 

Maddə 23. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar

 

1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir.

3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir.

5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər.

6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər.[26]

7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar.

8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

VI fəsil

 

XÜSUSİ QORUNAN ƏRAZİLƏRİN TORPAQLARI

 

Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi

 

1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarix-mədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.[27]

2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir:

təbiəti mühafizə təyinatlı torpaqlar;

təbii qoruq təyinatlı torpaqlar;

sağlamlaşdırma təyinatlı torpaqlar;

turizm və rekreasiya təyinatlı torpaqlar;

tarix-mədəniyyət təyinatlı torpaqlar;

3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.

 

Maddə 25. Təbiəti mühafizə təyinatlı torpaqlar

 

1. Təbiəti mühafizə təyinatlı torpaqlara:

yerüstü su axınlarının və sututarların suqoruyucu zonalarının;

kürü tökülməsi üçün mühafizə zolaqlarının;

qoruyucu vəzifələri yerinə yetirən meşələrin;

otlaqqoruyucu, tarlaqoruyucu, suqoruyucu və eroziyaya qarşı meşə əkmələrinin;

təbiəti mühafizə vəzifələrini yerinə yetirən digər torpaq sahələri aiddir.

2. Təbiəti mühafizə təyinatlı torpaqlarda qanunvericiliklə onlar üçün müəyyən edilmiş hüquqi rejimə əməl etməklə məhdud təsərrüfat fəaliyyətinə yol verilir.

3. Çayların, göllərin, su anbarlarının, digər su təsərrüfatı obyektlərinin sərhədlərində, habelə təbiəti mühafizə təyinatlı digər torpaqların hüdudlarında xüsusi hüquqi rejimli mühafizə zonaları müəyyən edilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin təbiəti mühafizə təyinatlı torpaqların hüdudlarında yerləşən torpaq sahələri geri alınmır. Həmin sahələrdən qanunvericiliklə müəyyən edilmiş hüquqi rejimə riayət etməklə istifadə olunur.

4. Təbiəti mühafizə təyinatlı torpaqları olan müəssisələr, idarələr və təşkilatlar həmin torpaq sahələrinin sərhədlərində xüsusi xəbərdarlıq nişanları basdırmalıdırlar.

 

Maddə 26. Təbii qoruq təyinatlı torpaqlar

 

1. Təbii qoruq təyinatlı torpaqlara qoruqların, yasaqlıqların (ov yasaqlıqları istisna edilməklə), təbiət abidələrinin, təbii (milli) dendroloji, geoloji və zooloji parkların, nəbatat bağlarının torpaqları aiddir.[28]

2. Qoruqların torpaqları dedikdə, hüdudlarında elmi və mədəni dəyərə malik olan təbiət obyektləri (tipik və nadir landşaftlar, nadir geoloji törəmələr, bitki və heyvan növləri, canlı orqanizm qrupları və s.) olan və qanunvericilikdə müəyyən edilmiş qaydada qoruq təşkilatlarına təhkim edilmiş torpaq sahələri nəzərdə tutulur. Qoruq torpaqları bu landşaft zonası üçün tipik və nadir olan təbii komplekslərin bütün komponentləri ilə birlikdə onların təbii vəziyyətinin qorunub saxlanması, orada baş verən proseslərin və təzahürlərin təbii axarının və təbiətin mühafizəsinin elmi əsaslarının öyrənilməsi üçün istifadəyə verilir.

Qoruqların ərazisində, eləcə də onların ətrafında müəyyən edilmiş mühafizə zonalarında qoruqların təbii komplekslərini pozan və ya xüsusi elmi, yaxud mədəni dəyərli təbii obyektlərin mühafizəsi üçün təhlükə törədən hər hansı fəaliyyət qadağan edilir.

3. Yasaqlıqların torpaqlarına təbii ehtiyatların qorunub saxlanılması, bərpası, artırılması, eləcə də landşaftların və kompleks bioloji, paleontoloji, hidroloji və geoloji obyektlərin ümumi ekoloji tarazlığının qorunub saxlanması üçün nəzərdə tutulan torpaqlar aid edilir.

4. Təbiət abidələrinin torpaqları nadir və ya tipik, eləcə də elmi, mədəni və sağlamlaşdırma cəhətdən qiymətli abidələrin (tarix-mədəniyyət abidələrindən başqa) torpaq sahələri hesab edilir.

5. Təbii qoruq təyinatlı torpaqlarda onların məqsədli təyinatına aid olmayan fəaliyyətlər qadağan edilir. Bu torpaqlar onlar üçün müəyyən edilmiş mühafizə rejiminə uyğun gəlmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsərrüfat istifadəsindən geri alınır.

6. Milli parkların torpaqları, təbii və mədəni landşaftları xüsusi ekoloji, tarixi və estetik dəyərə malik olan torpaq sahələri hesab edilir. Dendroloji və zooloji parkların, nəbatat bağlarının torpaqlarına süni şəraitdə müxtəlif flora və fauna ehtiyatlarının saxlanılması, öyrənilməsi və artırılması, eləcə də onlardan səmərəli elmi-mədəni və təsərrüfat fəaliyyəti üçün istifadəyə verilən torpaq sahələri aiddir.

7. Geoloji parkların torpaqları xüsusi geoloji, coğrafi, tarixi, estetik dəyərə malik olan torpaq sahələri hesab edilir.[29]

 

Maddə 27. Sağlamlaşdırma təyinatlı torpaqlar

 

1. Sağlamlaşdırma təyinatlı torpaqlara xəstəliklərin profilaktikasının və müalicə işinin təşkili üçün istifadə edilən və ya edilə bilən, əlverişli təbii müalicə amillərinə malik olan müalicə-sağlamlaşdırma yerlərinin və kurortların (çimərliklər, mineral su mənbələri, müalicəvi neft və palçıq yataqları və s.) torpaq sahələri aiddir.

2. Təbii müalicə amillərinin mühafizəsi məqsədi ilə bütün kurortların ərazilərində müalicə-sağlamlaşdırma yerləri və sanitariya mühafizə dairələri müəyyən edilir. Bu dairələrin hüdudları daxilində fəaliyyəti təbii müalicə xassələrinin və əhalinin istirahəti üçün əlverişli şəraitin mühafizəsi ilə bir araya sığmayan müəssisələrin, idarələrin və təşkilatların istifadəsinə və ya icarəsinə torpaq sahələrinin verilməsi qadağan edilir.

3. Müəyyən edilmiş sanitariya rejimi ilə əlaqədar torpaq sahələrinin təsərrüfat dövriyyəsindən tam çıxarılması nəzərdə tutulduğu hallar istisna edilməklə, sanitariya mühafizə zonalarının hüdudlarında olan torpaq sahələri torpaq mülkiyyətçilərindən, istifadəçilərindən və icarəçilərindən geri alınmır.

 

Maddə 28. Turizm və rekreasiya təyinatlı torpaqlar

 

1. Əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır.

2. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşə-parkların, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir.

3. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınmır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur.

4. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir.[30]

 

Maddə 29. Tarix-mədəniyyət təyinatlı torpaqlar

 

1. Tarix-mədəniyyət təyinatlı torpaqlara tarix-mədəniyyət qoruqlarının, xatirə parklarının, qəbiristanlıqların, məzarların, arxeoloji abidələrin və nadir geoloji törəmələrin torpaqları aiddir.

2. Tarix-mədəniyyət təyinatlı torpaqlarda onların məqsədli təyinatına zidd olan hər hansı fəaliyyət qadağan edilir.

 

Maddə 30. Mühafizə və sanitariya zonaları sərhədlərinin müəyyən edilməsi

 

1. Mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və sugötürmə qurğularının, içməli və texniki su təchizatı mənbələrinin ətrafında yaradılır.

2. Mühafizə və sanitariya zonası torpaqlarından istifadə qaydaları, şərtləri və onların ölçüsü müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.

 

VII fəsil

 

MEŞƏ FONDU, SU FONDU VƏ EHTİYAT FONDU TORPAQLARI

 

Maddə 31. Meşə fondu torpaqları

 

1. Meşə bitkiləri ilə örtülü olan, habelə bu bitkilərlə örtülü olmayan, lakin meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulan meşə və qeyri-meşə torpaqları meşə fondunun torpaqları hesab edilir.

2. Meşə fondu torpaqları əsasən meşə təsərrüfatının aparılması və genişlənməsi (meşələrin bərpası, meşələr salınması və i.a.) məqsədləri üçün istifadə edilir.

3. Meşə fondu torpaqlarından meşə təsərrüfatını aparmaq üçün meşə təsərrüfatı orqanları, habelə öz nizamnamə fəaliyyətinin həyata keçirilməsini təmin etmək üçün meşə fondu torpaqlarının təhkim olunduğu digər dövlət və qeyri-dövlət müəssisələri, idarələri və təşkilatları istifadə edirlər.

4. Meşə fondu torpaqlarından qanunvericiliklə müəyyən olunmuş qaydada, meşədə oduncaq və digər meşə materialları tədarük edən və ya başqa işlər görən (binalar və digər qurğuların tikilməsi, yolların salınması, elektrik xətlərin çəkilməsi və i.a.) müəssisələrin, idarələrin, təşkilatların istehsal və digər ehtiyaclarının təmin edilməsi üçün istifadə edilir.

5. Meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, ipotekasına və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.[31]

6. Meşə fondu torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə Azərbaycan Respublikasının Meşə Məcəlləsində nəzərdə tutulmuş qaydada icarəyə verilə bilər.

7. Meşə fondu torpaqları ilə həmsərhəd torpaqların istifadəçiləri öz torpaq sahələrində meşələrin yanğından və digər fəlakətdən mühafizə edən tədbirlər görməlidirlər.

8. Meşəsi olmayan və meşəsi az olan rayonlarda meşə salmaq, dərə və yarğanların böyüməsinin qarşısını almaq, qoruyucu meşə zolaqları salmaq, şəhərlərin və sənaye mərkəzlərinin ətrafında yaşıllıq zonaları yaratmaq məqsədilə meşə fondu torpaqlarının tərkibinə müəyyən olunmuş qaydada, başqa təyinatlı torpaqlar, ilk növbədə kənd təsərrüfatına yararsız və ya az yararlı yerlərdən torpaqlar verilə bilər.

9. Meşə fondu torpaqlarının verilməsi, geri alınması və istifadə qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının Meşə Məcəlləsi və digər normativ-hüquqi aktlarla müəyyən edilir.

 

Maddə 32. Su fondu torpaqları

 

1. Su fondunun torpaqlarına aşağıdakı torpaq sahələri daxildir:

Azərbaycan Respublikasının daxili sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan

Respublikasına mənsub olan bölməsinin altında olan torpaqlar;

su mühafizəsi zonalarının və sahilboyu zolaqların altında olan torpaqlar, adalar və bataqlıqlar;

hidrotexniki qurğuların, meliorasiya və su təsərrüfatı obyektlərinin altında olan torpaqlar.

2. Su fondu torpaqları əhalinin içməli suya tələbatını, məişət, sağlamlaşdırma və digər ehtiyaclarını təmin edən qurğuların tikintisi və istismarı üçün, eləcə də su təsərrüfatı, kənd təsərrüfatı, balıqçılıq təsərrüfatı sənaye, energetika, nəqliyyat və digər dövlət ehtiyaclarının və ya ictimai ehtiyacların təmin edilməsi üçün istifadə edilir.[32]

3. Su fondu torpaqları bu Məcəllə, Azərbaycan Respublikasının Su Məcə

KATEQORİYAYA QAYIT